Presidential Decree No. 50 on approval of the Statute of Denizkenari National Park (Baku Boulevard)
颁布于 1998-12-29 · 文本截至 2026-10-01
以研究形式发布的公开法律与官方指引,不构成法律、税务或金融建议。
研究内容本身以英文撰写。标题和标签已翻译,调查结果和引文未翻译。
关于这部法律
- 原标题
- Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmani № 50.
- 语言
- Azerbaijani
- 类型
- 条例
- 国家
- 阿塞拜疆
- 主题
- Wild species and ecosystems
- 关键词
- national parks, authorization/permit, protected area, protection of environment, protection of habitats, protection of species, biodiversity
在哪里阅读
该法律没有记录来源链接。
文本
所收录的法律原文,按条款排列。每个条款都有自己的链接。
Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI Müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri özünün tarixi-memarlıq görünüşünə görə onu dünyanın digər iri şəhərlərindən fərqləndirən xüsusatlara malikdir. Bunlardan şəhərsalma nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edəni əhalinin əsas gəzinti və istirahət yerlərindən biri olan və Bakıya gələn xarici qonaqların böyük maraq göstərdikləri Dənizkənarı bulvardır. Dənizkənarı bulvarın salınması 1909-cu ildə Bakı şəhər Duması tərəfindən qərarlaşdırılmış və o vaxtlar Dumada çalışan məşhur mühəndis Məmməd Həsən Hacınskinin adı ilə bağlıdır. O zaman tender yolu ilə seçilmiş layihənin işlənib həyata keçirilməsində mühəndis K. V. Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış II Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulmuşdu. İki il müddətində buraya kənardan münbit torpaq daşınmış, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir. Bunlardan Eldar şamı, Hələb şamı, Türküstan qovağı, Livan kedri, Luzitan sərvi və başqalarını göstərmək olar. Sonrakı illər ərzində də Dənizkənarı bulvar inkişaf etmiş, 1950—1960-cı illərdə burada «Mirvari» kafesi, «Bahar» və S.Vurğun adına yay kinosalonları, «Venesiya» su şəhərciyi və başqa istirahət obyektləri yerləşdirilmişdir. 1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirildi, onun uzunluğu 3,7 kilometrə çatdırıldı. Burada dəniz sahilində 50—70 metr enində yeni terras salındı. Şəhər sakinlərinin istirahəti üçün mədəniyyət ocaqları təşkil olundu. Bunlardan əl oyunları stadionunun və «Sahil» kafesinin tikintisini, S.Vurğun adına yay kinosalonunun yenidən qurulmasını, Azadlıq meydanı və Mərkəzi muzey binasının qarşısında fəvvarələrin quraşdırılmasını, yeni xiyabanların salınmasını, ümumiyyətlə bulvarın kompleks şəklində abadlaşdırılmasını və inkişafını qeyd etmək olar. Azərbaycan Respublikasının həyatının hər sahəsində əldə olunmuş nailiyyətlərin nümayişi üçün burada müasir sərgi pavilyonları quraşdırıldı. Azərbaycan Elmlər Akademiyasının Botanika bağında becərilmiş dünyanın ən nadir ağac və bitki növləri bulvar ərazisinə köçürüldü. O zamanlar Dənizkənarı park həqiqətən Bakı şəhərinin dəniz fasadını təşkil edən əsas amillərdən biri olmuşdur. 80-ci illərin axırı və 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə düşmüşdür. Bu proses Dənizkənarı parkda baş vermiş dağıntılarla, burada istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi ilə, onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdir. Beləliklə, Dənizkənarı bulvar öz tarixi simasını itirmiş və böhran vəziyyətinə gətirilmişdir. Bu gün Bakı şəhəri yenə də özünün hərtərəfli inkişafı ilə fərqlənir. Hazırda onlarla müasir bina və komplekslərin inşası, onların yerli və xarici investorlar tərəfindən maliyyələşdirilməsi Azərbaycan dövlətinin səyləri və beynəlxalq miqyasda qazandığı nüfuzu ilə bilavasitə əlaqədardır. Hazırda Dənizkənarı bulvarda da Bakı şəhər icra hakimiyyəti tərəfindən dəniz sahilinin bərkidilməsi və abadlığı üçün müəyyən işlər görülmüşdür. Lakin burada müxtəlif qanunsuzluqların qarşısının alınması sahəsində göstərilən səylər qeyri-qənaətbəxşdir və Dənizkənarı parkın mövcud vəziyyətdə qalması dözülməzdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram: 1. Bakı şəhərindəki Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq milli park statusu verilsin. 2. İzah edilsin ki, Bakı şəhərindəki Dənizkənarı bulvar milli park olduğuna görə «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq xüsusi mühafizə olunur və bu mühafizə rejimini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 3. Bakı şəhər İcra hakimiyyətinə tapşırılsın ki: Dənizkənarı milli parkın ərazisində tikintisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmış obyektlərin tikintisindən başqa, bütün növ tikintilərin dayandırılmasını və parkın funksiyalarına zidd olan obyektlərin dərhal oradan çıxarılmasını bir ay müddətində təmin etsin; iki ay müddətində Dənizkənarı milli parkın statusuna aid sənədləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Dənizkənarı milli parkın bərpası və yenidən qurulması baş planını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 29 dekabr 1998-ci il № 50