Law No. 362-VQ on the ratification of the Paris Agreement adopted at the 21st Conference of the Parties to the United Nations Framework Convention on Climate Change
صدر في 2016-10-28 · النص بتاريخ 2026-10-01
القانون العام والإرشادات الرسمية منشورة بوصفها أبحاثاً. ليست مشورة قانونية أو ضريبية أو مالية.
البحث نفسه مكتوب بالإنجليزية. العناوين والوسوم مترجمة؛ أما النتائج والاقتباسات فغير مترجمة.
عن هذا القانون
- العنوان الأصلي
- Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qənunu № 362-VQ.
- اللغة
- Azerbaijani
- النوع
- قانون
- الدولة
- أذربيجان
- الموضوعات
- Environment
- الكلمات المفتاحية
- climate change, ratification
أين تقرؤه
النص
نص القانون نفسه، مادةً مادة، كما هو محفوظ. لكل مادة رابطها.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4 cü bəndini rəhbər tutaraq qərara alır: Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi təsdiq edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 oktyabr 2016-cı il � 362-VQ PARİS SAZİŞİ Bu Sazişin Tərəfləri, bundan sonra “Konvensiya” adlandırılacaq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf olaraq, Konvensiyanın Tərəflər Konfransının on yeddinci sessiyası zamanı 1/CP.17 saylı qərarı ilə təsis edilmiş Gücləndirilmiş Fəaliyyət üzrə Durban Platformasına uyğun olaraq, Konvensiyanın məqsədlərini və onun prinsiplərini, o cümlədən ədalətlilik prinsipini və fərqli milli şəraitlər nəzərə alınmaqla, ümumi, lakin müxtəlif (diferensial) cavabdehliyi və müvafiq imkanları rəhbər tutaraq, mövcud qabaqcıl elmi biliklər əsasında iqlim dəyişmələri təhlükəsinə qarşı səmərəli və proqressiv cavab tədbirlərinə olan ehtiyacı qəbul edərək, həmçinin, Konvensiyada nəzərdə tutulduğu kimi, inkişaf etməkdə olan Tərəf ölkələrin, xüsusilə də iqlim dəyişmələrinin mənfi təsirlərinə daha həssas olan ölkələrin konkret ehtiyaclarını və xüsusi vəziyyətlərini qəbul edərək, maliyyələşdirmə və texnologiyanın ötürülməsi baxımından ən az inkişaf etmiş ölkələrin konkret ehtiyaclarını və xüsusi vəziyyətlərini tam nəzərə alaraq, Tərəflərin iqlim dəyişmələrinin təsiri ilə yanaşı, həmçinin iqlim dəyişmələrinə qarşı həyata keçirilən tədbirlərin təsirinə də məruz qala biləcəklərini qəbul edərək, iqlim dəyişmələrinə qarşı mübarizə fəaliyyətləri, cavab tədbirləri və onların təsirləri ilə davamlı inkişaf və yoxsulluğun aradan qaldırılmasına bərabər çıxış arasındakı ayrılmaz əlaqəni vurğulayaraq, ərzaq təhlükəsizliyinin qorunması və aclığa son qoyulmasının fundamental prioritet təşkil edən məsələ olduğunu və qida istehsalı sistemlərinin iqlim dəyişmələrinin mənfi təsirlərinə xüsusi həssaslığını qəbul edərək, milli səviyyədə müəyyən edilmiş inkişaf prioritetlərinə uyğun olaraq, işçi qüvvəsinin ədalətli keçidi və layiqli əmək şəraiti və keyfiyyətli iş yerlərinin yaradılması zərurətini nəzərə alaraq, iqlim dəyişmələri bəşəriyyətin ümumi problemi olduğundan, Tərəflər iqlim dəyişmələrinə qarşı tədbirlər görərkən, özlərinin insan hüquqlarına, sağlamlıq hüququna, yerli xalqların hüquqlarına, yerli icmaların, miqrantların, uşaqların, əlilliyi olan şəxslərin və aztəminatlı insanların hüquqlarına və inkişaf etmək hüququna, o cümlədən gender bərabərliyinə, qadınların hüquq və imkanlarının genişləndirilməsinə və nəsillərarası ədalətliliklə bağlı müvafiq öhdəliklərinə hörmət etməli, onları təşviq etməli və nəzərə almalı olduqlarını etiraf edərək, Konvensiyada qeyd edilən istixana effektli qazların uducu və yığımlarının müvafiq qaydada mühafizəsi və genişləndirilməsinin vacibliyini qəbul edərək, iqlim dəyişməsi probleminin həlli istiqamətində addım atarkən, okeanlar da daxil olmaqla, bütün ekosistemlərin bütövlüyünün təmin edilməsinin və bəzi mədəniyyətlər tərəfindən Ana Yer kürəsi kimi qəbul edilən biomüxtəlifliyin qorunmasının və bəziləri üçün “iqlim ədaləti” məfhumunun əhəmiyyətini qeyd edərək, bu Sazişdə qeyd edilən məsələlər üzrə bütün səviyyələrdə təhsilin, təlimin, ictimai maarifləndirmənin, ictimai iştirakın, ictimaiyyətin məlumata çıxışının və əməkdaşlığın vacibliyini təsdiq edərək, iqlim dəyişmələrinə qarşı tədbirlər görərkən, Tərəflərin müvafiq milli qanunvericiliklərinə uyğun olaraq, hökumətin və müxtəlif iştirakçıların bütün səviyyələrdə prosesə cəlb olunmasının vacibliyini qəbul edərək, həmçinin, inkişaf etmiş Tərəf ölkələr başda olmaqla, sosial stabil həyat tərzləri və ətraf mühitə zərər verməyən istehlak və istehsal nümunələrinin iqlim dəyişmələri problemlərinin həlli istiqamətində vacib rol oynadığını qəbul edərək, aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1 Bu Sazişin məqsədi üçün Konvensiyanın 1-ci maddəsində qeyd edilən anlayışlar tətbiq edilir. Buna əlavə olaraq: 1. “Konvensiya” dedikdə 1992-ci il 9 may tarixində Nyu-York şəhərində qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası nəzərdə tutulur. 2. “Tərəflər Konfransı” dedikdə Konvensiyanın Tərəflər Konfransı nəzərdə tutulur. 3. “Tərəf” dedikdə bu Sazişin Tərəfi nəzərdə tutulur. Maddə 2 1. Bu Saziş, Konvensiyanı və onun məqsədlərini daha səmərəli həyata keçirməklə, aşağıdakılar vasitəsilə, davamlı inkişaf və yoxsulluğu aradan qaldırmaq üzrə səylər kontekstində iqlim dəyişmələri təhlükəsinə qlobal cavab tədbirlərini gücləndirmək məqsədi daşıyır: (a) həyata keçiriləcəyi təqdirdə, iqlim dəyişmələrinin risk və təsirlərini əhəmiyyətli dərəcədə azaldacağını qəbul edərək, qlobal ortalama temperatur artımının sənayeləşmə dövrünə qədərki səviyyədən 2°C-dən xeyli aşağı saxlanılması və temperatur artımının 1.5°C-dək məhdudlaşdırılması üçün səy göstərilməsi; (b) ərzaq istehsalını təhlükəyə atmayacaq bir şəkildə iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma qabiliyyətinin artırılması, iqlim dəyişmələrinə qarşı dayanıqlılıq və istixana effektli qaz tullantılarının azaldılması üzrə inkişafın gücləndirilməsi; və (c) maliyyə axınlarının istixana effektli qaz tullantılarının azaldılmasına və iqlim dəyişmələrinə qarşı davamlı inkişafa yönəldilməsi. 2. Bu Saziş, fərqli milli şəraitlər nəzərə alınmaqla, bərabərlilik və ümumi, lakin müxtəlif (diferensial) cavabdehlik və müvafiq imkanlar prinsipini əks etdirməklə həyata keçiriləcəkdir. Maddə 3 Bütün Tərəflər, iqlim dəyişmələrinə qarşı qlobal cavab tədbirləri üzrə milli səviyyədə müəyyən edilmiş töhfələr kimi, bu Sazişin 2-ci maddəsində göstərilən məqsədə nail olmaq üçün Sazişin 4-cü, 7-ci, 9-cu, 10-cu, 11-ci və 13-cü maddələrində müəyyən edildiyi kimi, məqsədyönlü şəkildə səy göstərməli və bu barədə məlumat verməlidirlər. Bütün Tərəflərin göstərdikləri səylər bu Sazişin səmərəli şəkildə həyata keçirilməsi üçün inkişaf etməkdə olan Tərəf ölkələrə dəstəyin təmin edilməsi ehtiyacım qəbul edərək, zaman keçdikcə irəliləyişi əks etdirəcəkdir. Maddə 4 1. Sazişin 2-ci maddəsi ilə müəyyən edilmiş uzunmüddətli qlobal temperatur məqsədinə nail olmaq üçün Tərəflər mümkün olan ən qısa müddət ərzində istixana effektli qaz tullantılarının qlobal pik səviyyəsinə çatdırılmasını planlaşdırır, qəbul edir ki, bu tullantıların pik səviyyəsinə çatdırılması inkişaf etməkdə olan Tərəf ölkələr üçün daha çox vaxt tələb edəcəkdir, davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması səyləri kontekstində və ədalətlilik əsasında, əsrin ikinci yarısında istixana effektli qazların mənbələrdən olan antropogen və ayrılmalar olaraq atılan tullantılar arasında balansa nail olmaq məqsədilə qabaqcıl elmi biliklər əsasında tullantıların bundan sonra sürətli şəkildə azaldılmasını qarşılarına məqsəd qoyurlar. 2. Hər bir Tərəf nail olmaq niyyətində olduğu milli səviyyədə müəyyən edilmiş ardıcıl töhfələri hazırlayır, əlaqələndirir və davam etdirir. Tərəflər hədəflənən töhfələrə nail olmaq üçün yerli yumşaltma tədbirlərini həyata keçirirlər. 3. Hər bir Tərəfin milli səviyyədə müəyyən edilmiş sonrakı töhfələri həmin Tərəfin bundan əvvəl mövcud olan milli səviyyədə müəyyən edilmiş töhfələri ilə müqayisədə daha üstün olur və fərqli milli şəraitlər nəzərə alınmaqla ümumi, lakin müxtəlif (diferensial) cavabdehlik və müvafiq imkanları əks etdirərək, mümkün olan ən yüksək iddianı əks etdirirlər. 4. İnkişaf etmiş Tərəf ölkələr bütün iqtisadiyyat üzrə tullantıların mütləq azaldılması hədəflərini üzərlərinə götürərək, aparıcı rol oynamaqda davam etməlidirlər. İnkişaf etməkdə olan Tərəf ölkələr yumşaltma səylərini artırmaqda davam etməlidirlər və fərqli milli şəraitlər nəzərə alınmaqla, bütün iqtisadiyyat üzrə tullantıların azaldılmasına və ya məhdudlaşdırılmasına doğru hərəkət etməyə təşviq olunurlar. 5. İnkişaf etməkdə olan Tərəf ölkələrə gücləndirilmiş dəstək verilməsinin onların fəaliyyətlərində daha yüksək iddia üçün imkan yaradacağını etiraf edərək, bu maddənin həyata keçirilməsi üçün, 9-cu, 10-cu və 11-ci maddələrə müvafiq olaraq, inkişaf etməkdə olan Tərəf ölkələr dəstəklə təmin edilirlər. 6. Ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri onların xüsusi vəziyyətini əks etdirən istixana effektli qaz tullantılarının azaldılması üçün inkişaf strategiyalarını, planlarını və fəaliyyətlərini hazırlaya və təqdim edə bilərlər. 7. Tərəflərin uyğunlaşma üzrə tədbirləri və /və ya iqtisadiyyatın şaxələndirilməsi planları nəticəsində əldə edilən yumşaltma nəticələri bu maddə üzrə yumşaltma nəticələrinə öz töhfəsini verə bilər. 8. Milli səviyyədə müəyyən edilmiş töhfələri təqdim edərkən bütün Tərəflər, 1/CP.21 saylı qərara və bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının istənilən aidiyyəti qərarlarına uyğun olaraq aydınlıq, şəffaflıq və anlaşmanı təmin etmək üçün zəruri olan məlumatları təqdim edirlər. 9. Hər bir Tərəf 1/CP.21 saylı qərara və bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının istənilən aidiyyəti qərarlarına uyğun olaraq hər beş ildən bir milli səviyyədə müəyyən edilmiş töhfələrini təqdim edir və 14-cü maddədə istinad edilən qlobal məşvərətin nəticələri barədə məlumatlandırılır. 10. Bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı özünün ilk sessiyasında milli səviyyədə müəyyən edilmiş töhfələrin təqdim edilməsi üçün vahid zaman çərçivəsini nəzərdən keçirir. 11. Tərəf, özünün iddia səviyyəsini artırmaq məqsədilə, bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının qəbul etdiyi qaydaya uyğun olaraq, istənilən zaman mövcud milli səviyyədə müəyyən edilmiş töhfəsini tənzimləyə bilər. 12. Tərəflərin təqdim etdikləri milli səviyyədə müəyyən edilmiş töhfələr katiblik tərəfindən nəzarət edilən ictimai reyestrdə qeydə almır. 13. Tərəflər özlərinin milli səviyyədə müəyyən edilmiş töhfələrinin uçotunu aparırlar. Özlərinin milli səviyyədə müəyyən edilmiş töhfələrinə müvafiq olaraq antropogen tullantılar və ayrılmaların uçotunu apararkən, Tərəflər ekoloji bütövlüyü, şəffaflığı, dəqiqliyi, tamlığı, müqayisəliliyi və ardıcıllığı təşviq edir və bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən qəbul edilən qaydalara uyğun olaraq ikili uçotaalınmanın qarşısının alınmasını təmin edirlər. 14. Tərəflər, bu maddənin 13-cü bəndinin müddəaları nəzərə alınmaqla, müvafiq qaydada, özlərinin milli səviyyədə müəyyən edilmiş töhfələri kontekstində antropogen tullantılar və ayrılmalar baxımından yumşaltma fəaliyyətinin tanınması və həyata keçirilməsi zamanı Konvensiya çərçivəsində mövcud olan şərt və təlimatları nəzərə almalıdırlar. 15. Tərəflər bu Sazişin həyata keçirilməsi zamanı cavab tədbirlərinin nəticələrinin iqtisadiyyatına ən çox təsir edən Tərəflərin, xüsusilə inkişaf etməkdə olan Tərəf ölkələrin narahatlığını nəzərə alırlar. 16. Regional iqtisadi inteqrasiya təşkilatları və onlara üzv olan dövlətlər də daxil olmaqla, bu maddənin 2-ci bəndi çərçivəsində birgə hərəkət etmək razılığına gəlmiş Tərəflər, milli səviyyədə müəyyən edilmiş töhfələri təqdim edərkən müvafiq zaman çərçivəsində hər bir Tərəf üçün müəyyən edilmiş tullantıların səviyyəsi daxil olmaqla, bu razılaşmanın şərtləri barədə katibliyə məlumat verirlər. Katiblik öz növbəsində Tərəfləri və Konvensiyanı imzalayan ölkələri bu razılaşmanın şərtləri barədə məlumatlandırır. 17. Belə bir razılaşmaya üzv olan hər bir Tərəf bu maddənin 13-cü və 14-cü bəndlərinə, habelə 13-cü və 15-ci maddələrə uyğun olaraq bu maddənin 16-cı bəndində qeyd olunmuş razılaşmada müəyyən edilmiş tullantı səviyyəsi üçün məsuliyyət daşıyır. 18. Tərəflər birgə fəaliyyət göstərdikdə, bu fəaliyyəti hazırkı Sazişə Tərəf olan regional inteqrasiya təşkilatı çərçivəsində və onunla birgə etdikdə, bu regional inteqrasiya təşkilatının hər üzv dövləti fərdi şəkildə və regional inteqrasiya təşkilatı ilə birgə, bu maddənin 13-cü və 14-cü bəndlərinə, habelə 13-cü və 15-ci maddələrə uyğun olaraq bu maddənin 16-cı bəndi üzrə təqdim edilən razılaşmada müəyyən olunan tullantı səviyyəsi üçün məsuliyyət daşıyır. 19. Bütün Tərəflər 2-ci maddəni və özlərinin milli şəraitləri nəzərə alınmaqla ümumi, lakin müxtəlif (diferensial) cavabdehlik və müvafiq imkanlarını nəzərə alaraq, uzunmüddətli aşağı tullantılı istixana effektli qaz tullantıları üzrə inkişaf strategiyalarını tərtib və təqdim etmək üçün çalışmalıdırlar. Maddə 5 1. Tərəflər, meşələr də daxil olmaqla, Konvensiyanın 4-cü maddəsinin 1(d) bəndində qeyd olunan istixana effektli qazların uducu və yığımlarının müvafiq qaydada mühafizəsi və keyfiyyətlərinin yaxşılaşdırılması üçün tədbirlər görməlidirlər. 2. Tərəflər, nəticə əsaslı ödəniş vasitəsi də daxil olmaqla, Konvensiya çərçivəsində artıq razılaşdırılmış aidiyyəti təlimat və qərarlarda müəyyən edilmiş mövcud çərçivənin: inkişaf etməkdə olan ölkələrdə meşələrin məhv edilməsi və meşə deqradasiyası nəticəsində artan tullantıların azaldılması və meşələrin mühafizəsi, meşələrin davamlı idarə olunması və meşə karbon ehtiyatlarının artırılmasının rolu ilə əlaqədar fəaliyyət üçün siyasət yanaşmaları və müsbət stimullaşdırma; bu kimi yanaşmalarla bağlı karbonsuz mənfəətin müvafiq qaydada stimullaşdırılmasının vacibliyi bir daha təsdiq edilməklə, meşələrin kompleks və davamlı şəkildə idarə edilməsi üçün birgə yumşaltma və uyğunlaşma yanaşmaları kimi alternativ siyasi yanaşmaların həyata keçirilməsi və dəstəklənməsi üzrə tədbirlər görməyə təşviq olunurlar. Maddə 6 1. Tərəflər, özlərinin yumşaltma və uyğunlaşma fəaliyyətlərini daha da gücləndirmək, ətraf mühitin bütövlüyü və davamlı inkişafın təşviq edilməsinə imkan yaratmaq üçün bəzi Tərəf ölkələrin özlərinin milli səviyyədə müəyyən edilmiş töhfələrinin həyata keçirilməsində könüllü şəkildə əməkdaşlıq etdiklərini dərk edirlər. 2. Tərəflər milli səviyyədə müəyyən edilmiş töhfələr istiqamətində beynəlxalq səviyyədə ötürülmüş yumşaltma nəticələrinin istifadəsini ehtiva edən könüllü şəkildə əməkdaşlıq yanaşmalarında iştirak edərkən, idarəetmə də daxil olmaqla, davamlı inkişafı təşviq edir, ətraf mühitin bütövlüyünü və şəffaflığı təmin edirlər və ikiqat hesablamanın aradan qaldırılmasını təmin etmək üçün Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının qəbul etdiyi qaydalara uyğun olaraq dəqiq uçot aparırlar. 3. Bu Saziş çərçivəsində milli səviyyədə müəyyən edilmiş töhfələrə nail olmaq üçün beynəlxalq səviyyədə ötürülmüş yumşaltma nəticələrinin istifadəsi könüllü və iştirakçı Tərəflərin razılığı ilə həyata keçirilir. 4. Beləliklə, Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının idarəçiliyi və rəhbərliyi altında istixana effektli qaz tullantılarının azaldılmasına və davamlı inkişafın dəstəklənməsinə töhfə vermək məqsədilə Tərəflərin könüllü əsasda istifadə etmələri üçün mexanizm yaradılmışdır. Bu mexanizm Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının təyin etdiyi orqanın nəzarəti altında fəaliyyət göstərir və aşağıdakı məqsədləri daşıyır: (a) davamlı inkişafı dəstəkləyərək, istixana effektli qaz tullantılarının azaldılmasını təşviq etmək; (b) Tərəflərin səlahiyyətləndirdikləri dövlət və özəl müəssisələrin istixana effektli qaz tullantılarının azaldılmasında iştiraklarını stimullaşdırmaq və asanlaşdırmaq; (c) qəbul edən Tərəfin tullantı səviyyəsinin azaldılmasına və tullantıların azaldılması ilə nəticələnən yumşaltma fəaliyyətlərindən faydalanmasına, həmçinin bundan digər Tərəfin özünün milli səviyyədə müəyyən edilmiş töhfəsini yerinə yetirmək üçün istifadə etməsinə imkan yaratmaq; və (d) qlobal tullantıların ümumi azaldılmasını təmin etmək. 5. Bu maddənin 4-cü bəndində istinad edilən mexanizm nəticəsində əldə edilmiş tullantıların azaldılmasından digər Tərəf milli səviyyədə müəyyən edilmiş töhfəyə nail olunmasını nümayiş etdirmək üçün istifadə etdiyi təqdirdə, qəbul edən Tərəfdən özünün milli səviyyədə müəyyən edilmiş töhfəsinə nail olunduğunu nümayiş etdirmək üçün istifadə edilmir. 6. Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı bu maddənin 4-cü bəndində istinad edilən mexanizm çərçivəsində həyata keçirilmiş fəaliyyət nəticəsində əldə edilən vəsaitin bir hissəsinin inzibati xərclərin qarşılanması, o cümlədən iqlim dəyişmələrinin mənfi təsirlərinə daha həssas olan inkişaf etməkdə olan Tərəf ölkələrin uyğunlaşma ilə bağlı xərclərinin qarşılanması üçün onlara dəstək məqsədilə istifadə edilməsini təmin edir. 7. Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı özünün ilk sessiyasında bu maddənin 4-cü bəndində istinad edilən mexanizm üçün qayda, şərt və prosedurları qəbul edir. 8. Tərəflər, davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması kontekstində, əlaqələndirilmiş və səmərəli tərzdə, digər vasitələrlə birlikdə, o cümlədən yumşaltma, uyğunlaşma, maliyyə, texnologiyanın ötürülməsi və potensialın artırılması vasitəsilə onlara milli səviyyədə müəyyən edilmiş töhfələrinin həyata keçirilməsinə yardım üçün mövcud olan inteqrasiya olunmuş, bütöv və balanslaşdırılmış qeyri-bazar yanaşmalarının vacibliyini qəbul edirlər. Bu yanaşmaların məqsədi aşağıdakılardır: (a) yumşaltma və uyğunlaşma fəaliyyətlərinin təşviq edilməsi; (b) milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində dövlət və özəl sektorun iştirakının genişləndirilməsi; və (c) vasitələr və müvafiq institusional mexanizmlər arasında əlaqələndirmə üçün imkanların yaradılması. 9. Beləliklə, davamlı inkişaf üçün qeyri-bazar yanaşmaları üzrə çərçivə bu maddənin 8-ci bəndində istinad edilən qeyri bazar yanaşmalarının təşviq edilməsi məqsədilə müəyyən edilir. Maddə 7 1. Beləliklə, Tərəflər davamlı inkişafa töhfə vermək və bu Sazişin 2-ci maddəsində istinad edilən temperatur hədəfi kontekstində adekvat uyğunlaşma reaksiyalarının təmin edilməsinə nail olmaq məqsədilə uyğunlaşma qabiliyyətinin artırılması, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması və həssaslığın azaldılması üçün uyğunlaşma üzrə qlobal səviyyədə qarşılarına məqsəd qoyurlar. 2. Tərəflər, uyğunlaşmanın bütün yerli, submilli, milli, regional və beynəlxalq ölçüdə hər kəsin qarşılaşdığı qlobal problem olduğunu və iqlim dəyişmələrinin mənfi nəticələrinə xüsusilə həssas olan ölkələrin təcili və təxirəsalınmaz ehtiyaclarını nəzərə alaraq, onun insanların, canlıların və ekosistemlərin mühafizəsi naminə iqlim dəyişmələrinə qarşı qlobal uzunmüddətli cavab tədbirinə töhfə verdiyini və onun əsas komponentini təşkil etdiyini qəbul edirlər. 3. İnkişaf etməkdə olan Tərəf ölkələrin uyğunlaşma üzrə səyləri Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının ilk sessiyasında irəli sürülən şərtlərə uyğun olaraq qəbul edilir. 4. Tərəflər uyğunlaşma üçün cari ehtiyacın əhəmiyyətli olduğunu və daha yüksəksəviyyəli yumşaltmanın uyğunlaşma üzrə əlavə səylərə olan ehtiyacı azalda biləcəyini və uyğunlaşma üzrə daha yüksək ehtiyacların daha yüksək uyğunlaşma xərclərini tələb edə biləcəyini qəbul edirlər. 5. Tərəflər, uyğunlaşma fəaliyyətinin həssas qrup, icma və ekosistemləri nəzərə alaraq, ölkənin xüsusiyətlərini nəzərə alan, gender aspektləri, geniş iştirak və tam şəffaf yanaşmalara əsaslanmalı olduğunu və uyğunlaşma üzrə fəaliyyətlərin, lazım gəldikdə, aidiyyəti sosial-iqtisadi və ətraf mühit üzrə siyasət və tədbirlərə inteqrasiya edilməsi məqsədilə, qabaqcıl elmi biliklərə və müvafiq qaydada ənənəvi bilik, yerli xalqların bilikləri və yerli bilik sistemlərinə əsaslanmalı və onu rəhbər tutmalı olduqlarını qəbul edirlər. 6. Tərəflər, inkişaf etməkdə olan Tərəf ölkələrin, xüsusilə iqlim dəyişmələrinin mənfi təsirlərinə daha həssas olan ölkələrin ehtiyaclarının nəzərə alınmasının, uyğunlaşma səyləri üzrə beynəlxalq əməkdaşlığın və onun dəstəklənməsinin vacibliyini qəbul edirlər. 7. Tərəflər, Kankun Uyğunlaşma Çərçivəsini nəzərə alaraq, o cümlədən aşağıdakılarla bağlı uyğunlaşma fəaliyyətinin genişləndirilməsi üzrə əməkdaşlığı gücləndirməlidirlər: (a) məlumat, səmərəli praktika, təcrübə və əldə olunmuş biliklərin, o cümlədən müvafiq olaraq, uyğunlaşma tədbirləri ilə əlaqədar olan elm, planlaşdırma, siyasət və həyatakeçirmə üzrə mübadilənin aparılması; (b) müvafiq məlumat və biliklərin ümumiləşdirilməsinin dəstəklənməsi və Tərəflərin texniki dəstək və rəhbər göstərişlərlə təmin olunması üçün Konvensiya çərçivəsində bu Sazişə xidmət edən mexanizmlər də daxil olmaqla institusional mexanizmlərin gücləndirilməsi; (c) tədqiqat, iqlim və erkən xəbərdarlıq sistemlərinin sistemli şəkildə müşahidəsi də daxil olmaqla, iqlim haqqında elmi biliklərin iqlim xidmətləri üçün məlumat bazası yaradacaq və qərar qəbuletmə prosesinə dəstək verəcək şəkildə gücləndirilməsi; (d) yaxşı təcrübələrin stimullaşdırılması ilə səmərəli uyğunlaşma təcrübələri, uyğunlaşma ehtiyacları, prioritetlər, uyğunlaşma tədbirləri və səyləri üçün təmin edilmiş və əldə edilmiş dəstək, çətinlik və boşluqların müəyyən edilməsi üçün inkişaf etməkdə olan Tərəf ölkələrə yardım göstərilməsi; (e) uyğunlaşma tədbirlərinin səmərəliliyinin və davamlılığının təkmilləşdirilməsi. 8. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatlarına və agentliklərinə, bu maddənin 5-ci bəndinin müddəalarını nəzərə alaraq, bu maddənin 7-ci bəndində göstərilən tədbirlərin həyata keçirilməsi üçün Tərəflərin səylərini dəstəkləmək tövsiyə edilir. 9. Hər bir Tərəf, müvafiq qaydada, aidiyyəti plan, siyasət və/və ya töhfələrin hazırlanması və ya təkmilləşdirilməsi, o cümlədən aşağıdakıların da daxil ola biləcəyi uyğunlaşma üzrə planlaşdırılma prosesləri və tədbirlərinin həyata keçirilməsində iştirak edir: (a) uyğunlaşma tədbirləri, təşəbbüsləri və/və ya səylərinin həyata keçirilməsi; (b) milli uyğunlaşma planlarının formalaşdırılması və həyata keçirilməsi prosesi; (c) iqlim dəyişmələrinə həssas insan, məkan və ekosistemlərin tələbatını nəzərə alaraq, milli səviyyədə müəyyən edilmiş prioritet tədbirlərin formalaşdırılması məqsədilə iqlim dəyişmələrinin təsirlərinin və həssaslığının qiymətləndirilməsi; (d) uyğunlaşma sahəsində plan, siyasət, proqram və fəaliyyətlərin monitorinqi və qiymətləndirilməsi və bunun əsasında nəticə çıxarılması; və (e) iqtisadiyyatın şaxələndirilməsi və təbii sərvətlərin davamlı idarə edilməsi vasitəsi də daxil olmaqla, sosial-iqtisadi və ekoloji sistemlərin dayanıqlılığının artırılması. 10. Hər bir Tərəf, müvafiq qaydada, inkişaf etməkdə olan Tərəf ölkələr üçün əlavə çətinlik yaratmadan, özünün prioritet, həyatakeçirmə və dəstək ehtiyacları, planları və tədbirlərini əhatə edə bilən uyğunlaşma məsələləri üzrə məlumatı təqdim etməli və onu mütəmadi qaydada yeniləməlidir. 11. Bu maddənin 10-cu bəndində istinad edilən uyğunlaşma məsələləri üzrə məlumat, şəraitdən asılı olaraq, milli uyğunlaşma planı, 4-cü maddənin 2-ci bəndində istinad edilən milli səviyyədə müəyyən edilmiş töhfə və/və ya milli məlumat da daxil olmaqla, digər məlumat və ya sənədlər ilə birgə və ya onların tərkib hissəsi olaraq təqdim edilir və mütəmadi qaydada yenilənir. 12. Bu maddənin 10-cu bəndində istinad edilən uyğunlaşma məsələləri üzrə məlumatlar katiblik tərəfindən idarə olunan ictimai reyestrdə qeydə alınır. 13. 9-cu, 10-cu və 11-ci maddələrin müddəalarına uyğun olaraq, bu maddənin 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərinin həyata keçirilməsi üçün inkişaf etməkdə olan Tərəf ölkələrə davamlı və genişləndirilmiş beynəlxalq dəstək təmin edilir. 14. Beləliklə, 14-cü maddədə istinad edilən qlobal məşvərət: (a) inkişaf etməkdə olan Tərəf ölkələrin uyğunlaşma səylərini qəbul edir; (b) bu maddənin 10-cu bəndində istinad edilən uyğunlaşma məsələlərini nəzərə alaraq, uyğunlaşma tədbirlərinin həyata keçirilməsini gücləndirir; (c) uyğunlaşmanın və uyğunlaşma üçün göstərilən dəstəyin adekvatlığını və səmərəliliyini nəzərdən keçirir; və (d) bu maddənin 1-ci bəndində istinad edilən uyğunlaşma üzrə qlobal hədəfə nail olunması istiqamətində ümumi irəliləyişi nəzərdən keçirir. Maddə 8 1. Tərəflər, iqlim dəyişmələrinin mənfi təsirləri ilə əlaqədar itki və zərərin qarşısının alınması, minimuma endirilməsi və bu məsələlərin həllinin, o cümlədən ekstremal hava şəraitinin, tədricən baş verən hadisələrin, itki və zərər riskinin azaldılmasında davamlı inkişaf rolununun vacibliyini qəbul edirlər. 2. İqlim Dəyişmələrinin Təsirləri ilə bağlı itki və Zərər üzrə Varşava Beynəlxalq Mexanizmi bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının idarəçiliyi və rəhbərliyi altındadır və bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən müəyyən ediləcək şəkildə genişləndirilə və gücləndirilə bilər. 3. Tərəflər, iqlim dəyişmələrinin mənfi təsirləri ilə əlaqəli itki və zərərlər baxımından əməkdaşlıq və sadələşdirmə əsasında, o cümlədən lazım gəldikdə, Varşava Beynəlxalq Mexanizmi vasitəsilə anlaşma, fəaliyyət və dəstəyi genişləndirməlidirlər. 4. Müvafiq olaraq anlaşma, fəaliyyət və dəstəyin genişləndirilməsi üçün əməkdaşlıq və sadələşdirmə sahələrinə aşağıdakılar daxil ola bilər: (a) erkən xəbərdarlıq sistemləri; (b) fövqəladə hallara hazırlıq; (c) tədricən baş verən hadisələr; (d) daimi və geridönülməz itki və zərərə səbəb olan hadisələr; (e) risklərin hərtərəfli qiymətləndirilməsi və idarə olunması; (f) risklərdən sığortalanma fondları, iqlim riskləri üzrə birləşmələr və digər sığorta həlləri; (g) qeyri-iqtisadi itkilər; və (h) icmaların, canlıların və ekosistemlərin dayanıqlılığı. 5. Varşava Beynəlxalq Mexanizmi bu Saziş çərçivəsində mövcud olan qurum və ekspert qrupları ilə, o cümlədən Sazişdən kənar müvafiq təşkilatlar və ekspert orqanları ilə əməkdaşlıq edir. Maddə 9 1. İnkişaf etmiş Tərəf ölkələr Konvensiya çərçivəsində mövcud olan öhdəliklərinin davam etdirilməsində həm yumşaltma, həm də uyğunlaşma ilə bağlı inkişaf etməkdə olan Tərəf ölkələrə yardım etmək üçün onları maliyyə resursları ilə təmin edirlər. 2. Digər Tərəflər bu kimi dəstəyi könüllü şəkildə təmin etmək və ya təmin etməyi davam etdirmək üçün təşviq edilirlər. 3. Qlobal təşəbbüsün bir hissəsi kimi, inkişaf etmiş Tərəf ölkələr dövlət vəsaitlərinin əhəmiyyətli rolunu qeyd edərək, müxtəlif fəaliyyətlər vasitəsilə, o cümlədən ölkələrin xüsusiyyətlərini nəzərə alan strategiyaların və inkişaf etməkdə olan Tərəf ölkələrin ehtiyac və prioritetlərini nəzərə alaraq, müxtəlif geniş mənbə, vasitə və kanallardan maliyyə ehtiyatlarının səfərbər edilməsində aparıcı rol oynamaqda davam etməlidirlər. İqlim dəyişmələrinə qarşı mübarizə məqsədilə maliyyə vəsaitlərinin belə səfərbər edilməsi əvvəlki səylərlə müqayisədə irəliləyişi nümayiş etdirməlidir. 4. Genişmiqyaslı maliyyə ehtiyatlarının təmin edilməsi, ölkələrin xüsusiyyətlərini nəzərə alan strategiyaları və inkişaf etməkdə olan Tərəf ölkələrin, xüsusilə iqlim dəyişmələrinin mənfi təsirlərinə həssas olan və əhəmiyyətli məhdudiyyətlərlə üzləşən ən az inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritet və ehtiyaclarını, o cümlədən uyğunlaşma üçün dövlət və qrant əsaslı mənbələrə olan ehtiyacı nəzərə alaraq, uyğunlaşma və yumşaltma arasında balansa nail olunması məqsədini daşımalıdır. 5. İnkişaf etmiş Tərəf ölkələr, lazım gəldikdə, bu maddənin 1-ci və 3-cü bəndlərinə aid olan istiqamətləndirici kəmiyyət və keyfiyyət xarakterli məlumatları, o cümlədən, mövcud olduğu təqdirdə, inkişaf etməkdə olan Tərəf ölkələr üçün təmin edilməsi planlaşdırılan dövlət maliyyə vəsaitinin səviyyəsi barədə məlumatı iki ildə bir təqdim edirlər. Vəsaitləri təqdim edən digər Tərəflər bu kimi məlumatları könüllü şəkildə, iki ildən bir təqdim etməyə təşviq olunurlar. 6. 14-cü maddədə istinad edilən qlobal məşvərət zamanı iqlim dəyişmələrinə qarşı mübarizənin maliyyələşdirilməsi ilə əlaqədar səylər barədə inkişaf etmiş Tərəf ölkələr və/və ya Sazişin orqanları tərəfindən təqdim edilən müvafiq məlumatlar nəzərə alınır. 7. 13-cü maddənin 13-cü bəndində nəzərdə tutulduğu kimi və bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının ilk sessiyası zamanı qəbul ediləcək şərt, prosedur və təlimatlara uyğun olaraq, inkişaf etmiş Tərəf ölkələr inkişaf etməkdə olan Tərəf ölkələr üçün dövlət müdaxiləsi vasitəsilə səfərbər edilən və təmin edilən dəstək barədə məlumatları şəffaf və ardıcıl şəkildə iki ildən bir təqdim edirlər. Digər Tərəflər də bunu etmək üçün təşviq edilirlər. 8. Konvensiyanın Maliyyə Mexanizmi, o cümlədən onun fəaliyyət göstərən müəssisələri bu Sazişin maliyyə mexanizmi kimi xidmət göstərir. 9. Bu Sazişə xidmət göstərən institutlar, o cümlədən Konvensiyanın Maliyyə Mexanizminin əməliyyat müəssisələri, sadələşdirilmiş təsdiq prosedurları və gücləndirilmiş hazırlıq dəstəyi vasitəsilə inkişaf etməkdə olan Tərəf ölkələr, xüsusilə ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün onların milli iqlim strategiyaları və planları kontekstində maliyyə mənbələrinə səmərəli çıxışın təmin edilməsini hədəf kimi götürürlər. Maddə 10 1. İqlim dəyişmələrinə qarşı dayanıqlılığın təkmilləşdirilməsi və istixana effektli qaz tullantılarının azaldılması məqsədilə Tərəflər texnologiyanın inkişaf etdirilməsi və ötürülməsinin tam həyata keçirilməsinin vacibliyi üzrə uzunmüddətli baxışı paylaşırlar. 2. Tərəflər bu Saziş çərçivəsində yumşaltma və uyğunlaşma tədbirlərinin həyata keçirilməsi üçün texnologiyanın vacibliyini qeyd edərək və mövcud texnologiyanın yerləşdirilməsi və yayılması səylərini qəbul edərək, texnologiyanın inkişaf etdirilməsi və ötürülməsi üzrə əməkdaşlığı gücləndirirlər. 3. Konvensiya çərçivəsində yaradılmış Texnologiya Mexanizmi bu Sazişə xidmət edir. 4. Beləliklə, bu maddənin 1-ci bəndində istinad edilən uzunmüddətli baxışın izində və bu Sazişin həyata keçirilməsini dəstəkləmək məqsədilə texnologiyanın inkişafı və ötürülməsi üzrə genişləndirilmiş fəaliyyətin təşviq edilməsində və sadələşdirilməsində Texnologiya Mexanizminin işində hərtərəfli öncüllüyü təmin etmək üçün texnologiya çərçivəsi yaradılır. 5. İnnovasiyanın sürətləndirilməsi, təşviq edilməsi və innovasiya üçün əlverişli şəraitin yaradılması iqlim dəyişmələrinə qarşı səmərəli, uzunmüddətli qlobal cavab tədbirləri və iqtisadi artım, eləcə də davamlı inkişafın təşviq edilməsi üçün zəruridir. Belə səylər, müvafiq olaraq Texnologiya Mexanizmi də daxil olmaqla, Konvensiyanın Maliyyə Mexanizmi tərəfindən tədqiqat və inkişafa birgə yanaşma və inkişaf etməkdə olan Tərəf ölkələrin texnologiyaya, xüsusilə texnologiya dövrünün ilkin mərhələlərinə çıxışının asanlaşdın İması üçün maliyyə vəsaiti hesabına dəstəklənir. 6. İnkişaf etməkdə olan Tərəf ölkələrə bu maddənin həyata keçirilməsi, o cümlədən yumşaltma və uyğunlaşma üçün verilən dəstək arasında tarazlığa nail olmaq məqsədilə texnologiya dövrünün müxtəlif mərhələlərində texnologiyanın inkişafı və ötürülməsi üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün dəstək, o cümlədən maliyyə dəstəyi təmin edilir. 14-cü maddədə istinad edilən qlobal məşvərət inkişaf etməkdə olan Tərəf ölkələr üçün texnologiyanın inkişafı və ötürülməsi üzrə dəstəklə əlaqəli olan səylər barədə mövcud məlumatı nəzərə alır. Maddə 11 1. Bu Saziş çərçivəsində potensialın artırılması inkişaf etməkdə olan Tərəf ölkələrin, xüsusilə ən az inkişaf etmiş və iqlim dəyişmələrinin mənfi təsirlərinə həssas olan inkişaf etməkdə olan kiçik ada dövlətləri kimi zəif potensiala malik ölkələrin iqlim dəyişmələrinə qarşı səmərəli tədbir görmək, o cümlədən inter alia, uyğunlaşma və yumşaltma tədbirlərinin həyata keçirilməsi üçün potensial və qabiliyyətini artırmalı və texnologiyanın inkişafı, yayılması və yerləşdirilməsini, iqlim maliyyəsi, təhsil, təlim və ictimai maarifləndirmənin müvafiq aspektlərinə çıxışı və məlumatın şəffaf, vaxtında və dəqiqliklə təqdim edilməsini sadələşdirməlidir. 2. Potensialın artırılması ölkələrin xüsusiyyətlərini nəzərə almalı, milli ehtiyaclara əsaslanmalı, onlara cavab verməlidir və Tərəflər xüsusilə inkişaf etməkdə olan Tərəf ölkələrin ölkə sahibliyini, o cümlədən milli, submilli və yerli səviyyədə artırmalıdır. Potensialın artırılması, o cümlədən Konvensiya çərçivəsində potensialın artırılması fəaliyyətləri ilə bağlı öyrənilmiş təcrübələr rəhbər tutulmalı və geniş iştirak, çarpaz əlaqəli və gender aspektlərini nəzərə alan səmərəli və dövri proses olmalıdır. 3. Bütün Tərəflər bu Sazişin həyata keçirilməsi üçün inkişaf etməkdə olan Tərəf ölkələrin potensialının artırılması istiqamətində əməkdaşlıq etməlidirlər. İnkişaf etmiş Tərəf ölkələr inkişaf etməkdə olan Tərəf ölkələrdə potensialın artırılması istiqamətindəki fəaliyyətlər üçün dəstəyi gücləndirməlidirlər. 4. Bu Sazişin həyata keçirilməsi üçün, o cümlədən regional, ikitərəfli və çoxtərəfli yanaşmalar vasitəsilə inkişaf etməkdə olan Tərəf ölkələrin potensialının artırılmasında iştirak edən bütün Tərəflər bu fəaliyyət və ya tədbirlər barədə mütəmadi şəkildə məlumat verirlər. İnkişaf etməkdə olan Tərəf ölkələr bu Sazişin həyata keçirilməsi üçün potensialın artırılması planları, siyasətləri, fəaliyyət və tədbirlərin həyata keçirilməsi üzrə əldə edilmiş irəliləyişlər barədə müntəzəm olaraq məlumat verməlidirlər. 5. Potensialın artırılması fəaliyyəti bu Sazişin həyata keçirilməsinin dəstəklənməsi üçün uyğun institusional mexanimzlər, o cümlədən Konvensiya çərçivəsində yaradılmış və bu Sazişə xidmət edən uyğun institusional mexanizmlər vasitəsilə həyata keçirilir. Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı ilk sessiyasında potensialın artırılması üçün ilkin institusional mexanizmləri nəzərdən keçirir və qərar qəbul edir. Maddə 12 Tərəflər, müvafiq qaydada, bu Saziş çərçivəsində fəaliyyətlərin gücləndirilməsi üçün iqlim dəyişmələri məsələləri ilə əlaqədar təhsil, təlim, ictimai maarifləndirmə, ictimai iştirak və ictimaiyyətin məlumata çıxışının yaxşılaşdırılması üçün fəaliyyətlərin həyata keçirilməsində belə addımların vacibliyini qəbul edərək əməkdaşlıq edirlər. Maddə 13 1. Beləliklə, qarşılıqlı etimad və inamın yaradılmasını və səmərəli şəkildə həyatakeçirilməni təşviq etmək məqsədilə Tərəflərin müxtəlif potensialını nəzərə alan və kollektiv təcrübəyə əsaslanan fəaliyyət və dəstək üçün çevikliyə malik şəffaflığı təmin edən genişləndirilmiş çərçivə yaradılmışdır. 2. Şəffaflığı təmin edən çərçivə potensial baxımından ehtiyacı olan inkişaf etməkdə olan Tərəf ölkələrə bu maddənin müddəalarının həyata keçirilməsində çevikliyi təmin edir. Bu maddənin 13-cü bəndində istinad edilən şərt, prosedur və təlimatlar bu çevikliyi özündə əks etdirir. 3. Şəffaflığı təmin edən çərçivə ən az inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin xüsusi vəziyyətini qəbul edərək, Konvensiya çərçivəsində şəffaflıq mexanizmlərinin əsasında qurulur, onları gücləndirir və asanlaşdırıcı, müdaxiləsiz, cəzasız şəkildə, milli suverenliyinə hörmətlə və Tərəflərin üzərinə hədsiz yük qoymadan tətbiq edilir. 4. Konvensiya çərçivəsində şəffaflıq mexanizmləri, o cümlədən milli məlumatlar, iki ildən bir təqdim edilən hesabatlar və yenilənmə hesabatları, beynəlxalq qiymətləndirmə, yoxlama, məsləhətləşmə və təhlil bu maddənin 13-cü bəndi çərçivəsində şərt, prosedur və təlimatların hazırlanması üçün istifadə edilmiş təcrübənin bir hissəsini təşkil edir 5. Şəffaflıq fəaliyyəti üçün çərçivənin məqsədi onun 2-ci maddəsində müəyyən edildiyi kimi, Konvensiyanın məqsədi baxımından iqlim dəyişmələri ilə mübarizə tədbirlərinin daha aydın anlaşılmasını, o cümlədən 4-cü maddə çərçivəsində Tərəflərin fərdi milli səviyyədə müəyyən edilmiş töhfələrinə nail olmaq istiqamətində aydınlığın təmin edilməsi və irəliləyişin izlənilməsini və 7-ci maddə çərçivəsində Tərəflərin uyğunlaşma tədbirləri, o cümlədən səmərəli praktika, prioritet, ehtiyac və boşluqları və 14-cü maddə çərçivəsində qlobal məşvərət üçün məlumat bazasının yaradılmasını əhatə edir. 6. Fəaliyyətin şəffaflığı üçün çərçivənin məqsədi 4-cü, 7-ci, 9-cu, 10-cu və 11-ci maddələr çərçivəsində iqlim dəyişmələri tədbirləri kontekstində aidiyyəti fərdi Tərəflərin təmin edilmiş və əldə edilmiş dəstəyin aydın şəkildə anlamasının təmin edilməsi və mümkün olduğu qədər 14-cü maddə çərçivəsində qlobal məşvərət üçün məlumat bazasının yaradılması məqsədilə ayrılmış ümumi maliyyə dəstəyi barədə dolğun məlumat verməkdən ibarətdir. 7. Hər bir Tərəf aşağıdakı məlumatları müntəzəm olaraq təqdim edir: (a) İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər Qrupu tərəfindən qəbul edilmiş və Paris Sazişi Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən razılaşdırılmış səmərəli praktikaya əsaslanan metodologiyaların istifadəsi vasitəsilə hazırlanan istixana effektli qazların mənbə üzrə antropogen tullantıları və sahələr üzrə ayrılmalarına dair milli inventarlaşdırma hesabatını; (b) 4-cü maddə çərçivəsində milli səviyyədə müəyyən edilmiş töhfənin həyata keçirilməsi və ona nail olunması üzrə əldə edilmiş irəliləyişin izlənilməsi üçün tələb olunan məlumatı. 8. Hər bir Tərəf həmçinin, müvafiq olaraq, 7-ci maddə çərçivəsində iqlim dəyişmələrinin təsirləri və uyğunlaşma ilə bağlı məlumatları təqdim etməlidir. 9. İnkişaf etmiş Tərəf ölkələr 9-cu, 10-cu və 11-ci maddələr çərçivəsində inkişaf etməkdə olan Tərəf ölkələr üçün maliyyə, texnologiyanın ötürülməsi və potensialın artırılması üzrə təmin edilən dəstək barədə məlumat verirlər, dəstək göstərən digər Tərəflər bu barədə məlumat vermək üçün təşviq olunmalıdırlar. 10. İnkişaf etməkdə olan Tərəf ölkələr 9-cu, 10-cu və 11-ci maddələr çərçivəsində ehtiyac duyduqları və əldə etdikləri maliyyə, texnologiyanın ötürülməsi və potensialın artırılması üzrə dəstək barədə məlumatı təqdim etməlidirlər. 11. 1/CP.21 saylı qərara uyğun olaraq, bu maddənin 7-ci və 9-cu bəndləri çərçivəsində hər bir Tərəfin təqdim etdiyi məlumatlar texniki ekspert yoxlanışından keçir. Buna ehtiyacı olan inkişaf etməkdə olan Tərəf ölkələrə öz potensialları nəzərə alınmaqla yoxlanış prosesinə potensialın artırılması ehtiyaclarının müəyyən edilməsi üçün dəstək daxil edilir. Əlavə olaraq, hər bir Tərəf 9-cu maddə çərçivəsində müəyyən edilmiş səylər baxımından irəliləyişin çoxtərəfli səviyyədə nəzərdən keçirilməsi və sadələşdirməsində və müvafiq qaydada onun milli səviyyədə müəyyən edilmiş töhfəsinin həyata keçirilməsi və ona nail olunması prosesində iştirak edir. 12. Bu bənd çərçivəsində texniki ekspert yoxlanışı Tərəfin aidiyyəti üzrə təmin etdiyi dəstəyin nəzərdən keçirilməsini, onun milli səviyyədə müəyyən edilmiş töhfəsinin həyata keçirilməsini və ona nail olunmasını əhatə edir. Yoxlama həmçinin Tərəfin təkmilləşdirməli olduğu sahələri müəyyən edir və bu maddənin 2-ci bəndi çərçivəsində Tərəfə verilmiş çevikliyi nəzərə alaraq, məlumatın bu maddənin 13-cü bəndində istinad edilən şərt, prosedur və təlimatlar ilə uyğunluğunun yoxlanılmasını əhatə edir. Yoxlama inkişaf etməkdə olan Tərəf ölkələrin müvafiq milli potensial və vəziyyətinə xüsusi diqqət yetirir. 13. Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı özünün ilk iclasında Konvensiya çərçivəsində şəffaflıqla bağlı mexanizmlərin fəaliyyəti nəticəsində əldə edilmiş təcrübə əsasında və bu maddənin müddəaları əsasında, müvafiq olaraq, fəaliyyət və dəstəyin şəffaflığı üçün ümumi şərt, prosedur və təlimatları qəbul edir. 14. Bu maddənin həyata keçirilməsi üçün inkişaf etməkdə olan Tərəf ölkələrə dəstək təmin edilir. 15. İnkişaf etməkdə olan Tərəf ölkələrin şəffaflıqla əlaqəli potensialının artırılması üçün onlara həmçinin davamlı şəkildə dəstək göstərilir. Maddə 14 1. Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı bu Sazişin məqsədinə və uzunmüddətli hədəflərinə (“qlobal məşvərət” olaraq istinad edilmişdir) nail olmaq istiqamətində irəliləyişin qiymətləndirilməsi üçün dövri qaydada bu Sazişin həyata keçirilməsi üzrə təhlil aparır. O bunu yumşaltma və uyğunlaşma, həyatakeçirmə və dəstəyi nəzərə alaraq, ədalətlilik və mövcud olan qabaqcıl elmi biliklər nəzərə alınmaqla əhatəli və asanlaşdırıcı şəkildə edir. 2. Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı digər qərar qəbul etmədiyi təqdirdə, Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı ilk qlobal məşvərəti 2023-cü ildə həyata keçirir və bundan sonra hər beş ildən bir bunu həyata keçirməkdə davam edir. 3. Qlobal məşvərətin nəticəsi barədə, bu Sazişin müvafiq müddəalarına uyğun olaraq, milli səviyyədə müəyyən edilmiş fəaliyyət və dəstəyin yenilənməsi və gücləndirilməsi, habelə iqlim fəaliyyəti üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Tərəflər məlumatlandırılır. Maddə 15 1. Beləliklə, bu Sazişin müddəalarının həyata keçirilməsini asanlaşdırmaq və onlara əməl edilməsini təşviq etmək üçün mexanizm yaradılmışdır. 2. Bu maddənin 1-ci bəndində istinad edilən mexanizm şəffaf, müdaxiləsiz və cəzasız şəkildə fəaliyyət göstərəcək, mahiyyətcə ekspert biliklərinə əsaslanan və asanlaşdırıcı olan komitədən ibarətdir. Komitə Tərəf ölkələrin müvafiq milli potensial və vəziyyətlərinə xüsusi diqqət yetirir. 3. Komitə Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının ilk sessiyasında qəbul edilən şərt və prosedurlar əsasında fəaliyyət göstərir və Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransına illik hesabat verir. Maddə 16 1. Konvensiyanın ali orqanı olan Tərəflər Konfransı bu Sazişə Tərəflərin müşavirəsi qismində xidmət göstərir. 2. Bu Sazişə Tərəf olmayan Konvensiyanın Tərəfləri bu Sazişin Tərəflərinin müşavirəsi qismində fəaliyyət göstərən Tərəflər Konfransının istənilən sessiyasında müşahidəçi kimi iştirak edə bilər. Tərəflər Konfransı bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərdiyi təqdirdə, bu Saziş çərçivəsində qərarları yalnız bu Sazişə Tərəf olanlar qəbul edə bilər. 3. Tərəflər Konfransı bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərdikdə, Tərəflər Konfransı Bürosunun Konvensiya Tərəfini təmsil edən, lakin eyni zamanda bu Sazişin Tərəfi olmayan istənilən üzvü bu Sazişin Tərəfləri arasından və bu Sazişin Tərəfləri tərəfindən seçilmiş əlavə üzvlərlə əvəz edilir. 4. Bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı bu Sazişin həyata keçirilməsini müntəzəm qaydada nəzarətdə saxlayır və öz mandatı çərçivəsində onun səmərəli şəkildə həyata keçirilməsi üçün zəruri olan qərarları qəbul edir. O bu Saziş çərçivəsində üzərinə qoyulmuş vəzifələri yerinə yetirir və: (a) bu Sazişin həyata keçirilməsi üçün zəruri hesab edilən yardımçı orqanları təsis edir; və (b) bu Sazişin həyata keçirilməsi üçün tələb oluna biləcək digər funksiyaları icra edir. 5. Tərəflər Konfransının prosedur qaydaları və Konvensiya çərçivəsində tətbiq edilən maliyyə prosedurları bu Saziş çərçivəsində, mutatis mutandis qaydasında tətbiq edilir, Paris Sazişi Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən yekdilliklə başqa qərar qəbul edildiyi hallar istisna olunur. 6. Bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının ilk sessiyası katiblik tərəfindən bu Sazişin qüvvəyə mindiyi tarixdən sonra planlaşdırılmış Tərəflər Konfransının birinci sessiyası ilə birlikdə çağırılır. Bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının başqa qərar qəbul etdiyi hallar istisna olmaqla, bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının növbəti adi sessiyaları Tərəflər Konfransının adi sessiyaları ilə birlikdə keçirilir. 7. Bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının növbədənkənar sessiyaları bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən zəruri hesab olunacaq vaxtlarda və ya istənilən Tərəfin yazılı müraciəti əsasında, sorğunun katiblik tərəfindən Tərəflərə təqdim edildiyi tarixdən 6 (altı) ay müddətində və Tərəflərin ən az üçdə birinin dəstəkləməsi şərtilə keçirilir. 8. Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşdırılmış agentlikləri və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, habelə bu kimi qurumlara üzv olan və ya onlar yanında müşahidəçi qismində fəaliyyət göstərən Konvensiyaya üzv olmayan istənilən dövlət bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının sessiyalarında müşahidəçi kimi təmsil oluna bilər. Bu Sazişdə əhatə olunan məsələlər üzrə ixtisaslaşan və bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının sessiyalarında müşahidəçi qismində təmsil edilmək niyyəti barədə katibliyi məlumatlandırmış istənilən orqan və ya agentlik, istər milli və ya beynəlxalq, istərsə də hökumət və qeyri-hökumət qurum və təşkilatları iştirak edən Tərəflərin ən azı üçdə birinin buna etiraz etməsi halları istisna olmaqla, sessiyalarda iştirak edə bilər. Müşahidəçilərin qəbulu və iştirakı bu maddənin 5 ci bəndində istinad edilən prosedur qaydaları ilə tənzimlənir. Maddə 17 1. Konvensiyanın 8-ci maddəsi çərçivəsində yaradılmış katiblik bu Sazişin katibliyi qismində xidmət göstərir. 2. Katibliyin funksiyaları ilə bağlı Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi və katibliyin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Konvensiyanın 8-ci maddəsinin 3-cü bəndi, mutatis mutandis qaydasında bu Sazişə tətbiq edilir. Katiblik, əlavə olaraq, bu Saziş çərçivəsində və bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən müəyyən edilmiş funksiyaları yerinə yetirir. Maddə 18 1. Konvensiyanın 9-cu və 10-cu maddələri ilə yaradılan Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Orqan və Həyatakeçirmə üzrə Yardımçı Orqan, müvafiq olaraq, bu Sazişin Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Orqanı və bu Sazişin Həyatakeçirmə üzrə Yardımçı Orqanı qismində xidmət göstərir. Konvensiyanın bu iki orqanın fəaliyyəti ilə bağlı müddəaları mutatis mutandis qaydasında bu Sazişə tətbiq edilir. Bu Sazişin Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Orqanının və Həyatakeçirmə üzrə Yardımçı Orqanının görüşləri, müvafiq olaraq, Konvensiyanın Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Orqanının və Həyatakeçirmə üzrə Yardımçı Orqanının görüşləri ilə birlikdə keçirilir. 2. Bu Sazişə Tərəf olmayan Konvensiyanın Tərəfləri yardımçı orqanların istənilən sessiyalarında müşahidəçi qismində iştirak edə bilərlər. Yardımçı orqanlar bu Sazişin yardımçı orqanları qismində fəaliyyət göstərdikdə, bu Saziş çərçivəsində qərarları yalnız bu Sazişin Tərəfləri qəbul edir. 3. Konvensiyanın 9-cu və 10-cu maddələri ilə yaradılan yardımçı orqanlar bu Sazişlə bağlı məsələlər üzrə funksiyalarını yerinə yetirərkən bu yardımçı orqanların bürosunda Konvensiya Tərəfini təmsil edən, lakin eyni zamanda bu Sazişin Tərəfi olmayan hər hansı bir üzv, bu Sazişin Tərəfləri arasından və bu Sazişin Tərəfləri tərəfindən seçilmiş əlavə üzvlə əvəz edilir. Maddə 19 1. Konvensiya tərəfindən və ya onun çərçivəsində yaradılmış yardımçı orqanlar və ya digər institusional mexanizmlər bu Sazişdə istinad edilənlər istisna olmaqla, bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransının qərarı ilə bu Sazişə xidmət göstərirlər. 2. Bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı bu kimi yardımçı orqan və ya mexanizmlər tərəfindən həyata keçiriləcək funksiyaları müəyyən edir. Bu Sazişin Tərəflərinin müşavirəsi kimi fəaliyyət göstərən Tərəflər Konfransı belə yardımçı orqan və institusional mexanizmlərə əlavə təlimatlar verə bilər. Maddə 20 1. Bu Saziş Konvensiyanın Tərəfləri olan dövlət və regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən imzalanmaq üçün açıqdır və ratifikasiya, qəbul və ya təsdiq edilir. Saziş Birləşmiş Millətlər Təşkilatının Nyu-York şəhərindəki Baş Qərargahında 2016-cı il 22 aprel tarixindən 2017-ci il 21 aprel tarixinə kimi imzalanma üçün açıqdır. Bundan sonra bu Saziş imzalanma üçün bağlanıldığı tarixin növbəti günündən etibarən qoşulma üçün açıqdır. Ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədləri Depozitariyə saxlanca verilir. 2. Bu Sazişə heç bir üzv dövləti Tərəf olmayan hər hansı regional iqtisadi inteqrasiya təşkilatı bu Sazişə Tərəf olduqda, bu Saziş çərçivəsində nəzərdə tutulan bütün öhdəliklərə riayət edir. Üzv dövlətlərindən biri və ya bir neçəsi bu Sazişin Tərəfi olan regional iqtisadi inteqrasiya təşkilatlan olduğu halda, təşkilat və onun üzv ölkələri bu Saziş çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi üçün müvafiq vəzifələr üzrə qərar qəbul edirlər. Bu kimi hallarda, təşkilat və onun üzv dövlətləri bu Saziş çərçivəsində hüquqlarından eyni vaxtda istifadə edə bilməzlər. 3. Regional iqtisadi inteqrasiya təşkilatları özlərinin ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədlərində bu Sazişin tənzimlədiyi məsələlərlə bağlı səlahiyyətlərinin əhatə dairəsini bəyan edirlər. Bu təşkilatlar, həmçinin öz səlahiyyətlərinin əhatə dairəsi ilə bağlı hər hansı bir əhəmiyyətli dəyişiklik barədə Depozitariyə məlumat verir və o öz növbəsində bu barədə digər Tərəfləri məlumatlandırır. Maddə 21 1. Bu Saziş qlobal istixana effektli qaz tullantılarının təxmin edilən ümumilikdə ən azı 55 faizini təşkil edən, Konvensiyanın ən azı 55 Tərəfinin ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədlərini saxlanca təqdim etdiyi tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir. 2. Yalnız bu maddənin 1-ci bəndinin məhdud məqsədi üçün “qlobal istixana effektli qaz tullantıları” ifadəsi, bildirilmiş ən yeni və ya Konvensiya Tərəflərinin bu Sazişi qəbul etməsindən əvvəlki miqdar deməkdir. 3. Bu Sazişi ratifikasiya, qəbul və ya təsdiq edən və ya qüvvəyəminmə üçün bu maddənin 1-ci bəndində müəyyən edilmiş şərtlər yerinə yetirildikdən sonra bu Sazişə qoşulan hər bir dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Saziş, dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədlərini saxlanca təqdim etdiyi tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir. 4. Bu maddənin 1-ci bəndinin məqsədləri üçün regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca təqdim edilmiş istənilən sənəd bu təşkilatın üzvü olan dövlətlər tərəfindən saxlanca təqdim edilmiş sənədlərə əlavə kimi hesab edilmir. Maddə 22 Konvensiyada dəyişikliklərin edilməsi ilə bağlı Konvensiyanın 15-ci maddəsinin müddəaları bu Sazişə, mutatis mutandis qaydasında tətbiq edilir. Maddə 23 1. Qəbuletmə və Konvensiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Konvensiyanın 16-cı maddəsinin müddəaları bu Sazişə mutatis mutandis qaydasında tətbiq edilir. 2. Bu Sazişə əlavələr onun ayrılmaz tərkib hissəsini təşkil edir və əksi aydın şəkildə ifadə edilmədiyi təqdirdə, bu Sazişə istinad, eyni zamanda onun əlavələrinə istinad kimi qəbul edilir. Bu kimi əlavələr elmi, texniki, prosedur və ya inzibati xarakterli siyahı, forma və ya təsviri xarakter daşıyan digər materiallarla məhdudlaşdırılır. Maddə 24 Konvensiyanın fikir ayrılıqlarının həlli ilə bağlı 14-cü maddənin müddəaları bu Sazişə mutatis mutandis qaydasında tətbiq olunur. Maddə 25 1. Bu maddənin 2-ci bəndi ilə müəyyən edilmiş hal istisna olmaqla, hər bir Tərəf bir səsə malikdir. 2. Regional iqtisadi inteqrasiya təşkilatları öz səlahiyyətləri çərçivəsində bu Sazişə Tərəf olan üzv dövlətlərinin sayı qədər səs vermək hüququndan istifadə edirlər. Üzv dövlətlər öz səsvermə hüquqlarından istifadə etdikdə, bu təşkilatlar öz səsvermə hüquqlarından istifadə edə bilməzlər. Bunun əksi də doğrudur. Maddə 26 Bu Sazişin depozitarisi Birləşmiş Millətlər Təşkilatının Baş katibidir. Maddə 27 Hazırkı Sazişə heç bir qeyd-şərt irəli sürülə bilməz. Maddə 28 1. Sazişin Tərəfi üçün bu Sazişin qüvvəyə minməsindən 3 (üç) il sonra istənilən vaxt bu Tərəf Depozitariyə yazılı bildiriş təqdim etməklə bu Sazişə xitam verə bilər. 2. Hər hansı bir belə xitamvermə, bildirişin Depozitari tərəfindən qəbul olunduğu tarixdən 1 (bir) il sonra və ya xitamvermə ilə bağlı bildirişdə qeyd edilə biləcək daha sonrakı tarixdə qüvvəyə minir. 3. Konvensiyaya xitam verən hər hansı bir Tərəf, həmçinin bu Sazişə də xitam vermiş hesab olunur. Maddə 29 Bu Sazişin ərəb, Çin, ingilis, fransız, rus və ispan dillərində bərabər autentik mətnlərdə olan əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. 2015-ci il 12 dekabr (iki min on beşinci il on iki dekabr) tarixində Parisdə hazırlanmışdır. Bunun təsdiqi olaraq, lazımi səlahiyyətlər verilmiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.